Azərbaycan Ağır Atletika Federasiyasının rəsmiləri ənənəvi beynəlxalq konqresdə iştirak ediblər
Tailandın paytaxtı Banqkokda Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) növbəti konqresi keçirilib. Səksən dövlətin milli federasiyalarının nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulov təmsil ediblər.

Konqresdə aprelin 4-10-da Banqkokda keçiriləcək yeniyetmələr arasında dünya birinciliyinin təşkili və keçirilməsinə hazırlıq haqqında məlumat verilib. Bildirilib ki, bu yarışda 57 ölkədən 445 iştirakçı, o cümlədən 248 oğlan və 197 qız körpücük üzərinə çıxacaq. Ağır atletika üzrə Azərbaycan yığması da yeniyetmələr arasında VII dünya birinciliyində iştirak edir.
Bununla yanaşı, tədbirdə 2016-ci ildə IWF-ə daxil olan və xərclənən vəsait, ölkə federasiyalarında ağır atletikanın inkişafı ilə bağlı proqram və layihələrin daha da genişləndirilməsi, gender bərabərliyi, dopinqdən istifadə ilə əlaqədar nəzarət və yoxlama şərtlərinin daha da ciddiləşdirilməsi, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Xəbər 669 dəfə oxundu.