Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə mübarizə aparacaqlar
Aprelin 8-dən 9-dək Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

55-ci dəfə təşkil olunacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri iştirak edəcəklər.

Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi - 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı altında yarışa qatılacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi - 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi - 71 kq) yer alacaqlar.

Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi - 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayacaqlar. Komandamız yarışda məşqçilər Sadurdin Ayqubovun və Əsgərxan Novruzovun başçılığı altında iştirak edəcək.

Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Xəbər 568 dəfə oxundu.