“Azərişıq” ASC-də İslam Həmrəylik Oyunları ilə bağlı mərkəzi qərargah yaradılıb
“Azərişıq” ASC Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir.

Oyunların keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı 2015-ci ilin sentyabr və 2017-ci ilin yanvar ayında “Azərişıq” ASC-nin sədri Baba Rzayev tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq bu obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda, tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC-nin sədrinin əmrinə əsasən, yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədilə ASC üzrə mərkəzi qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, aidiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin aprel ayında təkrar treninqlərə cəlb olunması təmin edilib.

Əmrə əsasən, idman tədbirinə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədilə “Azərişıq” ASC-də xüsusi qrup da yaradılıb.

Xəbər 564 dəfə oxundu.