Taekvondo üzrə yığmamız Avropa birinciliyində 7 idmançı ilə təmsil olunacaq
Taekvondo üzrə Azərbaycanın yığması Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 21 yaşlı idmançılar arasında Avropa birinciliyində ölkəmizi təmsil edəcək.

Əməkdar məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandamız qitə birinciliyinə yeddi idmançı ilə qatılacaq. Bolqarıstana gedəcək heyətdə Fizam Mehdiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Ələsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıblar.

Aprelin 6-da başlanacaq yarış üç gün davam edəcək. Yarışda beynəlxalq dərəcəli hakim Elşad Məmmədov da ölkəmizi təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə aprelin 4-də Sofiyaya yollanacaq idmançılarımız aprelin 10-da Vətənə qayıdacaqlar.

Xəbər 631 dəfə oxundu.