La Liqanın 29-cu turu: “Barselona”nın böyük hesablı qələbəsi, Neymarın 100-cü qolu...
İspaniya çempionatında liderlik uğrunda gərgin mübarizə aparan “Real Madrid” və “Barselona” komandaları La Liqanın 29-cu turunda qələbə qazanıblar.

“Barselona” səfərdə “Qranada”nı 4:1 hesabı ilə məğlub edərək çempionluq uğrunda mübarizəni davam etdirib.

“Real Madrid”in “Alaves” üzərində 3:0 hesablı qələbəsindən sonra çempionluq uğrunda mübarizəni davam etdirmək üçün kataloniyalılar mütləq qalib gəlməli idilər. Cəzalı Lionel Messinin forma geymədiyi oyunun ilk hissəsində “Barselona” o qədər də yaxşı təsir bağışlamayıb. Belə ki, “Barselona” birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Luis Suarezin qolu ilə hesabı açıb.

Fasilədən sonra – 50-ci dəqiqədə Jeremi Boqa hesabı bərabərləşdirib. Lakin görüşün 64-cü dəqiqəsində L.Suarezin ideal ötürməsindən sonra Alkaser son dörd oyunda üçüncü qoluna imza atıb - 2:1. Matçın 82-ci dəqisində “Qranada” futbolçuları meydanda sayca azlıqda qalıblar. Bundan məharətlə istifadə edən “Barselona” rəqib qapısına daha iki dəfə yol tapıb. Oyunun 83-cü dəqiqəsində İvan Rakitiç, 90+1-ci dəqiqədə isə Neymar “Barselona”nın qələbəsini rəsmiləşdiriblər – 4:1.

Bu oyunda cari mövsümdəki 23-cü qoluna imza atan L.Suarez həm də 10-cu məhsuldar ötürməsini edib.

Neymar isə son dəqiqədə rəqib qapısından keçirdiyi topla “Barselona”nın heyətində 100-cü qolunu vurub. Bununla da o, Rivaldo (130 qol) və Evaristodan (105 qol) sonra “Barselona”nın heyətində ən çox qol vuran braziliyalı olub.

Hazırda İspaniya çempionatına 68 xalla “Real Madrid” başçılıq edir. Madridlilərin hələ ehtiyatda bir oyunu var. Aktivində 66 xal olan “Barselona” ikinci sıradadır. “Atletiko Madrid” və “Sevilya” komandalarının 58 xalı var.

Xəbər 570 dəfə oxundu.