Topaz Premyer Liqasının XXIV turunun ilk oyununda “Sumqayıt” komandası “Neftçi”ni məğlub edib
Aprelin 2-də “Sumqayıt”-“Neftçi” oyunu ilə Topaz Premyer Liqasının XXIV turuna start verilib.

Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən görüşdə ev sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Baş hakim Rəhim Həsənovun idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb. Azarkeşlər ikinci hissədə daha maraqlı oyun izləyiblər. Matçın 60-cı dəqiqəsində “Sumqayıt” komandası Bəxtiyar Həsənalızadənin qolu ilə hesabı açıb. Bu qoldan üç dəqiqə sonra Amil Yunanov “Neftçi”ni oyuna yenidən mərkəzdən başlamağa məcbur edib.

Beləliklə, doğma meydanda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 28-ə çatdıran “Sumqayıt” komandası turnir cədvəlində bir pillə irəliləyərək beşinci sırada qərarlaşıb. Aktivində 26 xal olan “Neftçi” isə altıncı pilləyə geriləyib.

XXIV tura aprelin 2-də keçiriləcək “İnter”-“Azal”, “Qəbələ”-“Zirə” və “Qarabağ”- “Kəpəz” oyunları ilə yekun vurulacaq.

Xəbər 616 dəfə oxundu.