Sərxan Haşımov Vyaçeslav Çebanenko Memorialının liderlər qrupundadır
Bu gün və sabah Kişineuda rapid üzrə Vyaçeslav Çebanenko Memorialı keçirilir. Yarışda 35 şahmatçı, o cümlədən ingilis Naycel Şort başqa olmaqla, 15 qrossmeyster iştirak edir.

Rapid üzrə sayca 19-cu turnir (hər görüş 15 dəqiqə+10 saniyə) İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. İkigünlük yarışda Azərbaycan idmanının şərəfini Sərxan Haşımov qoruyur.

Birinci turdan sonra 13 şahmatçının hər birinin, o cümlədən Sərxanın aktivində 1 xal var. Azərbaycan şahmatçısı ikinci turda turnirin reytinq-favoriti Naycel Şort ilə qarşılaşacaq.

Turnir Moldova Respublikasında şahmatı təbliğ etmək, başqa ölkələrin şahmatçıları ilə dostluq əlaqələrini möhkəmləndirmək, habelə istedadlı məşqçi və pedaqoq Vyaçeslav Çebanenkonun xatirəsini yad etmək məqsədi ilə keçirilir.

Xəbər 563 dəfə oxundu.