Əfqan Bayramov: Bütün yarışlarda bayrağımızı yüksəltməyə çalışıram
Hər bir zirvə fəth olunmağını gözləyir. Hər işimizdə zirvələri fəth edək. Mənim üçün idman bir fəlsəfədir. Mən bu fəlsəfəni dərk edirəm. Çalışıram ki, bayrağımız hər zaman zirvədə ucalsın. Hazıram deməkdən qorxmuram. Hazıram. “Bakı-2017”də sizdən dəstək gözləyirəm.

Bu sözləri ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Əfqan Bayramov deyib.

“Bakı-2017”nin saytında idmançının IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar azarkeşlərə çağırışının yer aldığı videoçarx təqdim olunub. Əfqan Bayramov “Bakı-2017”ə hazır olduğunu bildirib və azarkeşləri idmançılarımıza dəstək olmağa çağırıb.

Ə.Bayramov ağırlıqqaldırma üzrə Avropa çempionatlarının qalibi və mükafatçısıdır. O, həmçinin Pekin və London Olimpiya Oyunlarının iştirakçısı, dəfələrlə Azərbaycan çempionu və kubokunun sahibi olub. Ə.Bayramov İndoneziyada keçirilmiş üçüncü İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Ağır atletika yarışlarında kişilər və qadınlar hərəsi səkkiz çəki dərəcəsində mübarizə aparacaq. Qadınlar 48, 53, 58, 63, 69, 75, 90 və 90 kiloqramdan yuxarı, kişilər isə 56, 62, 69, 77, 85, 94, 105 kiloqram və 105 kiloqramdan yuxarı çəki dərəcələrində güclərini sınaycaqlar.

IV İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışları mayın 13-dən 17-dək keçiriləcək.

Beş gün davam edəcək yarışlar Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunacaq.

Xəbər 540 dəfə oxundu.