Lənkəranlı gənclərdən “Sərhəddən-sərhədə” velosiped yürüşü
Son zamanlar ekologiyanın çirklənməsinə bilavasitə səbəb olan amillərdən biri də avtomobillərin sayının çoxluğudur. Bir sıra ölkələrdə bunun qarşısını almaqdan ötrü velosiped nəqliyyatından istifadə edilir.

Velosiped nəqliyyat vasitəsi kimi ekologiyaya müsbət təsir göstərməklə yanaşı, həm də insanlara sağlam həyat bəxş edir. Məhz bunu özlərinə şüar seçən 4 lənkəranlı gənc Azərbaycanın cənub sərhədi Astaradan şimal sərhədi Xaçmazadək olan məsafəni velosipedlə qət etməklə sağlam həyat, ekologiyanın qorunması və velosiped idmanın faydaları barədə yol boyu gəncləri maarifləndiriblər.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatçılığı ilə “Sərhəddən-sərhədə” adlı veloyürüş layihəsinə martın 21-də start verilib.

Layihənin iştirakçıları olan gənclər Astara Gömrük İdarəsinin qarşısından yola düşərək Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Şirvan, Hacıqabul, Bakı, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba və Xaçmaz rayon və şəhərlərində gənclərlə görüşüb, layihə barədə onları məlumatlandırıblar.

Gənclər olduqları hər rayon və şəhərdə Heydər Əliyev mərkəzlərini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olublar.

Ümumilikdə 768 kilometr məsafə qət edən gənclər təkcə şəhər və rayon mərkəzlərində deyil, həmçinin yol boyu qarşılarına çıxan gənclərlə də söhbətləşib, onlara layihənin məqsədindən danışıblar.

Layihənin rəhbəri Tərlan Zülfüqarovun sözlərinə görə, onların ən böyük arzusu doğma Qarabağa velosiped yürüşü təşkil etməkdir.

Xəbər 556 dəfə oxundu.