Vüqar Həşimovun memorialında doqquz qrossmeyster mübarizə aparacaq
Aprelin 20-dən 30-dək Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən dördüncü turnir keçiriləcək. Turnir “Synergy Group” və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil ediləcək.

Doqquz qrossmeyster bir dövrədə mübarizə aparacaq. Memorial turnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, amerikalı Uesli So, rusiyalı Vladimir Kramnik və Sergey Karyakin, ingilis Maykl Adams, hindistanlı Pentala Harikrişna, ukraynalı Pavel Elyanov, polyak Radoslav Voytaşek və bolqar Veselin Topalov iştirak edəcəklər.

İştirakçılar sırasında Veselin Topalov Şəmkirə ilk dəfə gələcək. Radoslav Voytaşek 2014-cü ildə memorialın “B” turnirində iştirak edib. Xatırladaq ki, keçən il Şəmkirdə turnirin qalibi Şəhriyar Məmmədyarov olub. 2014 və 2015-ci illərdə şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen qalib olub. Norveçli şahmatçı bu dəfə Baden-Badendə turnirdə olacaq ki, bu da keçirilmə vaxtına (15-22 aprel) görə Şəmkirdəki turnirlə qismən eyni vaxta düşür.

Oyunlarda nəzarət vaxtı belə müəyyən edilib: ilk 40 gediş üçün 2 saat, növbəti 20 gediş üçün 1 saat, 61-ci gedişdən partiyanın sonuna qədər 15 dəqiqə üstəgəl hər gediş üçün 30 saniyə.

Xəbər 547 dəfə oxundu.