Georgi Nikolov: “Televiziya yayımları klublara müəyyən maliyyə mənfəəti gətirməlidir” - MÜSAHİBƏ
Bakı “İnter”nin prezidenti Georgi Nikolov klubun rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, bolqarıstanlı futbol adamı AFFA-nın martın 9-da keçirilən Hesabat-Seçki Konfransı barədə, Rövnəq Abdullayevin yenidən assosiasiyanın prezidenti seçilməsi, legionerlərlə bağlı limitin dəyişdirilməsilə və matçların yayım hüququ ilə bağlı məsələlər haqda danışıb.

- AFFA-nın Hesabat-Seçki Konfransında iştirak etdiniz. Öncə bilmək istərdik, tədbir necə keçdi?
- Hesabat-Seçki Konfransı hər mandat dövrünün sonunda keçirilən standart tədbirdir. Deyim ki, AFFA uşaq-gənclər və qadın futbolunun inkişafı üçün böyük işlər görüb, birinci və yüksək liqada da böyük həcmli işlər həyata keçirib. Həmçinin Azərbaycan futbolunun maddi bazasının və daxili əlaqələrin yaxşılaşmasının şahidi oluruq. Xoşdur ki, təşkilatın daxili marketinq işi yaxşı təşkil edilib. Tədbirdə açıqlandı ki, hesabat dövründə federasiyanın gəlirləri xərclərini 1 milyon manat üstələyib. Bu aspektlər bizi sevindirməyə bilməz.

- Rövnəq Abdullayevin AFFA-nın prezidenti postuna təkrar seçilməsi barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu vəzifəyə Rövnəq Abdulayevin seçilməsi məntiqli qərardır. Qeyd edim ki, cənab Abdullayev bu idman növünün ən təcrübəli rəhbərlərindən biridir. Düşünürəm ki, bu vəzifədə fəaliyyətinin davamı ona düşündüklərini, ancaq ilk səlahiyyət müddəti ərzində həyata keçirə bilmədiklərini reallaşdırmağa imkan verəcək. Axı belə vəzifəli rəhbərlərə çoxsaylı layihələri reallaşdırmaq üçün bir səlahiyyət müddəti azdır. Ümid edirəm ki, Rövnəq Abdullayevə yerli futbolu yeni səviyyəyə qaldırmaq müyəssər olacaq və biz də bu işdə ona kömək etməyə çalışacağıq.

- Toplantının ən yadda qalan qərarlarından biri də legioner limitinin 8+3-dən 7+3+1-ə dəyişdirilməsi oldu. Bu qərarı şərh etməyinizi xahiş edirik…
- Fikrimcə, burada qorxulu heç nə yoxdur. Belə praktika, məhz öz məktəb-akademiyalarından gənc futbolçuların məcburi qaydada əsas heyətə salınması Avropanın bəzi ölkələrində artıq tətbiq edilib. Məsələn, belə qaydadan Serbiyada istifadə olunur və bu dəyişiklik sayəsində hər il daha çox gənc istedadlı oyunçular meydana çxır və yeni futbol ulduzları parlayır. Bundan başqa, bu qayda FİFA-nın direktividir və gec-tez bizə də bu qaydaya əməl etməliydik.

- Bundan başqa, konfransda çempionat oyunlarının televiziya yayımı hüquqlarının PFL-ə qaytarılması barədə qərar qəbul olundu. Bu qərar barədə nə düşünürsünüz?
- Belə dəyişikliklər artıq bir neçə dəfə həyata keçirilib, lakin onlar, səmimi desək, klublar üçün xüsusi dəyişikliklərə gətirib çıxarmayıb. PFL yenidən bu məsələ ilə məşğul olacaq və ümid edək ki, bu, onlara müyəssər olacaq. Ancaq mən onun tərəfdarı olaraq qalıram ki, televiziya yayımları klublara müəyyən maliyyə mənfəəti gətirməlidir.

Xəbər 1118 dəfə oxundu.