DÇ-2018 : Almaniya, İngiltərə və Polşa qrupda liderliklərini davam etdirir
Martın 26-da 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində “C”, “E” və “F” qruplarında növbəti oyunlar keçirilib.

“C” qrupunun lideri Almaniya bu dəfə də azarkeşlərini sevindirib. Millimiz üzərində 4:1 hesablı qələbə qazanan Lövün yetirmələri qrupda liderliklərini davam etdirirlər. Öz meydanında Norveç millisini məğlub Şimali İrlandiya yığması qrupda ikinci pillədə qərarlaşıb. Qrupun digər oyununda isə Çexiya futbolçuları səfərdə San-Marinonu darmadağın ediblər – 6:0.

“E” qrupunda lider Polşa bu dəfə də qələbə qazanıb. Səfərdə Monteneqro yığmasını 2:1 hesabı ilə məğlub edən polyaklar qrupdakı mövqelərini möhkəmləndiriblər. Digər matçda Ermənistan öz meydanında Qazaxıstanı 2:0 hesabı ilə məğlub edib. Rumıniya-Danimarka görüşü isə heç-heçə başa çatıb.

“F” qrupunda da lider dəyişməyib. İngiltərə yığması “Uembli” stadionunda Litva kollektivinin qapısından iki cavabsız top keçirib. Qrupun digər oyunlarında Slovakiya səfərdə Maltanı 3:1, Şotlandiya isə öz meydanında Sloveniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 595 dəfə oxundu.