Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də Avropa zonasında növbəti matçlar keçirilib.

Beşinci turun ilk oyun günündə "I", "G" və "D" qruplarında yer alan komandalar üz-üzə gəliblər.

Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun "I" qrupunda Türkiyə və Finlandiya komandaları arasında qarşılaşma olub. Keçirdiyi dörd oyunda beş xal toplayaraq 4-cü pillədə qərarlaşan Türkiyə millisi mundiala vəsiqə qazanmaq imkanını əldə etmək üçün doğma meydandakı oyunda üç xal qazanmalı idi. Qardaş ölkənin komandası bu vəzifənin öhdəsindən layiqincə gəldi və rəqibini 2:0 hesabı ilə məğlub etdi. Finlandiya millisinin qapısına hər iki qolu oyunun 9-cu və 13-cü dəqiqələrində türkiyəli hücumçu Cenk Tosun vurdu.

"I" qrupunun digər görüşlərində lider Xorvatiya millisi evdə ikinci sıradakı Ukraynaya 1:0, üçüncü mövqedəki İslandiya səfərdə sonuncu pillədə qərarlaşan Kosovo yığmasına 2:1 hesabı ilə qalib gəldi. Bu qarşılaşmalardan sonra qrupa beş oyundan 13 xal toplayan Xorvatiya millisi başçılıq edir. Aktivində 10 xalı olan İslandiya yığması ikinci yerə yüksəldi. Ukrayna və Türkiyə yığmaları səkkiz xalla üçüncü-dördüncü yerləri bölüşürlər.

"G" qrupunun lider komandaları İspaniya və İtaliya yığmaları növbəti matçlarını doğma meydanlarında keçiriblər. Həmin kollektivlər İsrail və Albaniya milli komandalarından müvafiq olaraq 4:1 və 2:0 hesabı ilə üstün olublar. Makedoniya millisi isə Lixtenşteynə səfərdə 3:0 hesabı ilə qalib gəlib. Bu qrupun liderləri aktivlərində 13 xal olan və birinci-ikinci yerləri bölüşən İspaniya və İtaliya komandalarıdır.

"D" qrupunda Serbiya Gürcüstanı səfərdə 3:1, Avstriya isə öz meydanında Moldovanı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. İrlandiya-Uels görüşü heç-heçə başa çatıb - 0:0. Qrupda ilk pillədə hərəyə 11 xal toplayan Serbiya və İrlandiya komandaları qərarlaşıb.

Xəbər 629 dəfə oxundu.