Elçin Əliyev komanda yoldaşının qisasını aldı
Serbiya paytaxtı Belqradda güləşçilər arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, bir günlük səsliklikdən sonra, pəhləvanlarımız sükutu yenə pozublar. Bütün görüşlərini qələbə ilə başa vuran Elçin Əliyev (55 kq), 2-ci dəfə yarışın baş mükafatına sahib çıxıb. Birinci kərə, o bildir, Bakıda təşkil edilmiş qitə çempionatında fərqlənmişdi.

Belqradda diqqət çəkən məqam, onun 1/8 finalda təmsilçisi Roman Amonyana qalib gəlməsidir. Ermənistan təmsilçisi son zamanlar fəallaşmışdı. O, hətta ümumi hesabda 0:4 məğlub olduğu Rövşən Bayramovu 2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirlimiş dünya çempionatında yenmişdi. Bu qələbəni Elçinin komanda yoldaşının qisasını alması kimi də qiymətləndirmək olar.

Ötən il Almaniyanın Dortmund şəhərində keçirilmiş analoji yarışda 84 kq-da bürünc medal qazanmış Şalva Qadabadze, bu dəfə eyni nəticəni 96 kq çəkidə göstərib. Kamran Əliyevlə (60 kq) Məsud Həşimzadə (120 kq) gəldikdə, güləşçilərimiz 3-cü yer uğrunda mübarizədə mükafat əldə etmək şansını qaçırıblar.

Xəbər 7915 dəfə oxundu.