iTicket.az şirkəti “Bakı-2017”nin bilet satışı üzrə rəsmi dəstəkçisidir
Xəbər verdiyimiz kimi, martın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bilet satışına start verilib. iTicket.az şirkəti “Bakı-2017”nin biletlərinin satışını həyata keçirən rəsmi bilet satışı təşkilatçısı və dəstəkçisidir.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov biletlərin satışa buraxılmasını ən vacib addım kimi dəyərləndirib. Qeyd edib ki, açılış və bağlanış mərasimlərini izləmək üçün hər kəs öz yerlərini təmin etmək və biletlərini tez bir zamanda almaq arzusundadır. Biletlərin qiymətləri “Bakı-2015” ilk Avropa Oyunları zamanı olduğu kimi münasibdir.

iTicket.az şirkətinin baş direktoru Ziya Məmmədov deyib: “Bizim üçün təkcə “Bakı-2017”nin rəsmi dəstəkçisi deyil, həmçinin bilet sisteminin təminatçısı olmaq böyük şərəfdir. Qarşımıza çoxnövlü idman tədbirinin beynəlxalq standartlara cavab verən bilet sistemini hazırlayıb tətbiq etmək kimi asan olmayan tapşırıq qoyulub. Qürur hissi ilə qeyd edirəm ki, komandamız bu tapşırığı uğurla yerinə yetirdi və bu gün iTicket.az Azərbaycanda özünün bu sahədə olan avropalı həmkarlarını əvəz edə bilən yeganə şirkətdir”.

iTicket.az 2016-cı ildən fəaliyyətə başlayıb. iTicket.az həm onlayn, həm də oflayn olaraq konsertlərə, teatrlara, idman və əyləncəli tədbirlərə bilet satışını reallaşdırır. Bakıda 15-ə yaxın satış nöqtəsi iTicket.az idarəçiliyi altında fəaliyyət göstərir. Onlayn alınmış biletlər şəhərin hər bir nöqtəsinə 24 saat ərzində çatdırılır.

Qeyd edək ki, biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində 12 bilet satışı məntəqələrindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.

Xəbər 1168 dəfə oxundu.