IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim olunub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 55 gün qaldığı vaxtda – martın 18-də Oyunların ilk biletləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub. Biletlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində təqdim edilib.

IV İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramının bir hissəsi olmaq üçün artıq 8 mindən çox azərbaycanlı gənc qeydiyyatdan keçib. Könüllülər proqramının bir hissəsi olaraq gənclər Oyunların ictimaiyyətə geniş çatdırılmasında vacib rol oynayacaq, eyni zamanda, onlar üçün təşkil edilən liderlik, təqdimat və ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən də bəhrələnəcəklər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə “Gənclik Mall”da idmançı və ulduz səfirlərin - İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və “Bakı-2017”nin talismanları “İncə” və “Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

“Bakı-2017”nin təşkilatçıları biletləri birinci Avropa Oyunlarında olduğu kimi, münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcəklər ki, daha çox ailələr və gənc azarkeşlər bu yaz baş tutacaq mötəbər idman yarışından zövq ala bilsin. “Bakı-2017” 16 yaşadək bütün gəncləri güzəştli biletlərdən yararlanmağa səsləyir. Belə ki, onlar 13 idman sessiyasına pulsuz buraxılacaqlar. Həmçinin 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arenasına, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti bir manat olacaq.

Dünyanın müxtəlif ölkələrindən olan idman həvəskarları “Bakı-2017”nin möhtəşəm açılış və bağlanış mərasimlərini mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda izləyə biləcəklər. Açılış mərasiminə biletlərin qiyməti 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat arasında dəyişir.

Əməliyyat Komitəsi idmansevərlərin diqqətinə çatdırır ki, IV İslam Həmrəyliyi Oyunları üçün biletləri “Bakı-2017”nin rəsmi vebsaytı – “www.baku2017.com/tickets” vasitəsilə, yaxud paytaxtımızın müxtəlif məkanlarında quraşdırılacaq 12 satış məntəqəsindən əldə etmək olar.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bilet satışı ilə bağlı deyib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 50-dən artıq ölkənin idmançılarını Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik. Oyunların Azərbaycanda keçirilməsi gözəl ölkəmizi təbliğ etməklə yanaşı, həm də xalqımıza yüksək səviyyəli beynəlxalq idman yarışlarını seyr etmək şansı yaradır. Biletlərin qiymətlərini münasib saxlamaqla biz hər kəsi bu möhtəşəm beynəlxalq idman tədbirinə gəlib onun bir hissəsi olmağa çağırırıq”.

“Bakı-2017”nin könüllülərindən bəhs edən korporativ direktor bildirib: “Biz ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin 12 mindən çoxundan artıq ərizələr almışıq. Onların Oyunlar zamanı 8 min könüllüdən biri olmaq arzuları bizi çox sevindirir. İnanırıq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda artmaqda olan könüllülük mədəniyyətinin gözəl örnəyini bir daha nümayiş etdirəcək. Əminliklə deyə bilərəm ki, könüllülər Oyunlarda öhdələrinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər. Məhz könüllülük missiyası onları gələcək karyeralarını qurmaqda lazımi bilik, bacarıq və təcrübə ilə təmin edəcək”.

İslam dünyasını birləşdirən maraqlı və çoxnövlü idman tədbiri olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək.

Müsəlman ölkələrini təmsil edən idmançılar on yarış günü ərzində idmanın 20 növü (23 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda mübarizə aparacaqlar.

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.

IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasından keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

Xəbər 1473 dəfə oxundu.