Naxçıvanlı şagirdlər Bakı Olimpiya Stadionu ilə tanış olublar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində paytaxtımıza gələn naxçıvanlı məktəblilər martın 18-də Bakı Olimpiya Stadionunda olublar.

Məktəblilərə bu möhtəşəm idman qurğusu barədə ətraflı məlumat verilib. Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunub. Avropa Oyunlarının proqramına daxil olan atletika yarışları da bu stadionda keçirilib. Bu ilin mayında Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının da açılış və bağlanış mərasimləri bu stadionda təşkil olunacaq.

Qeyd olunub ki, müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionu ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Xəbər 1031 dəfə oxundu.