FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı və FHN-in İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında təşkil edilən çempionata 19 komandadan 60-a yaxın idmançı qatılıb. Dairəvi sistem üzrə keçirilən yarışda idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) komanda hesabında müvafiq olaraq ilk sırada qərarlaşıb.

Şəxsi göstəricilərə görə birinci yerə Emil Britvin (Mülki Müdafiə Qoşunları), ikinci yerə Səfər Quliyev (Şimal-Qərb Regional Mərkəzi), üçüncü yerə isə Faiq Nəcəfi (FHN Akademiyası) layiq görülüb.

Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov qalib gəlmiş idmançılara uğurlar arzulayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Komanda və şəxsi hesabda qalib gələn idmançılara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 1339 dəfə oxundu.