"Minbir gecə" nağıllarını canlandıran Dubay
Milli komandamız fevralın sonlarında Dubayda təlim-məşq toplanışı keçdi. “Ay-ulduzlular” hazırlıq çərçivəsində 3 yoxlama matçında da qüvvüsini sınadı. Prosesləri canlı izləmək üçün AFFA bir qrup KİV təmsilçisini Birləşmiş Ərəb Əmirliyinə ezam etmişdi. Qrupda “İdman” qəzeti və idman.com.az saytından mən də vardım. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından vaxtında götürüldük.

Təqribən 2 saat 45 dəqiqə sonra artıq ordaydıq. Şəhərə, yerləşəcəyimiz 4-ulduzlu “Dhow Place” mehmanxanasına gələrkən, ozümüzü heç də yad məmləkətdə hiss etmədik. Sanki, Binə hava limanından Bakının mərkəzinə yollanırıq. Amma yenə də,elə bil, “Minbir gecə” nağıllarına düşmüşəm. Şəhər yeni dövrdə inşa olunduğundan, bənzətmələr çox idi. Özəlliklə, ABŞ-ın ayrı-ayrı məşhur mərkəzlərinə. Bəli, Dubay özündə şəkillərdə rastlaşdığım Mayami, Nyu-York və Manhetten şəhərlərini canlandırır. Yollar da okeanın o tayındakı kimi düz, enlidir. Təkcə taksilər ABŞ istehsalı deyil. Dubay əmirliyi Yaponiyanın “Toyota” markasına üstünlük verir.

Bakıdakı tıxacı orada görə bilməzsən. Məscidlər sırf ərəb memarlığında tikilib. Addımbaşı rastlaşdığımız bu Tanrı evləri artıq bizim bir Şərq məmləkətində olduğumuzu deyirdi. Dubay, həqiqətən, nağıllar aləmini andırır. Bircə, “Minbir gecə”nin qəhrəmanlarını görmək çatmırdı.

Maradonanı görmək qismət olmadı

Fevralın 28-də milli komandamız məşqini “Əl Nəsr” klubunun bazasında keçdi. Bu kollektivi Dieqo Maradona çalışdırır. Təəssüf ki, Dubayda olduğumuz müddətdə ölkə çempionatının oyunları keçirilmədiyindən, argentinalı futbol əfsanəsini görmək bizə qismət olmadı.
“Ay-ulduzlular”ımızın səhər məşqindən sonra yenə düşdük şəhəri gəzməyə. Budəfəki hədəf “Bürc Xəlifə” idi. Amma biz “bir güllə ilə 2 dovşan vurmağı” qərara aldıq. “Mall Dubay”ın ticarət mərkəzi ilə tanış olandan sonra, binanın aşağısına endik. Ora gəlmələrlə dolu idi. Hamı şüşənin o biri yanında ekzotik okean balıqlarına baxmağa can atırdı. Təbii ki, diqqəti, ilk növbədə, köpək balıqları cəlb edirdi. Əgər istəyirsənsə onlara yaxından baxasan, gərək 30 dirhəmindən (Bizim valyuta ilə 6 manatından) keçəsən. Kiminsə könlünə bu yırtıcılara toxunmaq düşsə, onun da gerçəkləşməsinə imkan var. Xüsusi dalğıc forması ilə suya girərək, köpək balığına əl vurmaq imkanı qazanırsan. Bu gözəl mənzərəni kənardan seyr etdikdən sonra, yenidən “Mall Dubay”ın 2-ci mərtəbəsinə qalxdıq. Məqsədimiz oradan birbaşa parka çıxaraq, “Bürc Xəlifə”ni görmək idi. Belə də etdik. Bayıra çıxdıqda isə, yenidən həmin an nağıllar diyarına düşdüyümüzü anladıq. Gözüm önündə fantastik filmlərdəki məqamlar canlandı: Atlantida, Marsda həyat, “Alisa Möcüzələr ölkəsində”, “Qulliverin səyahəti”mdəki kimi.
Dünyanın ən hündür qülləsi özünə böyük turist kütləsi cəlb edir. Onun önündə şəkil çəkdirən kim, binaya daxil olmaq üçün bilet növbəsində dayanan kim... “Bürc Xəlifə”yə bir xeyli tamaşa edəndən sonra, başqa bir nəhəng tikiliyə - “Əl Ərəb”ə doğru yol aldıq. Qeyd edim ki, bu meqa otel əzəmətdə və gözəllikdə heç də birincidən geri qalmır. Özü də o bizdən çox uzaqda deyildi. Sadəcə, onu “Mall Dubay”dan süni göl ayırır. “Dubay dənizi”ndə səyahət etmək üçün turistlərə motorlu qayıqlar xidmət göstərir. Vaxtımız o qədər də çox olmadığından, həm də digər ticarət məkanlarına yollanacağımızdan, suda gəzintini ertələdik.
Alış-veriş yerlərində qiymətlər bizim eşitdiyimiz qədər də ucuz deyildi. Nəsə alanda, gərək diqqətli olsan. Çünki Dubayda alınan malı geri qaytarmaq qəliz söhbətdir. Ancaq dəyişmək olar. Texniki avadanlıqlar, Azərbaycanla müqayisədə, ucuzdur. Qalan şeylərdə elə də böyük fərq görmədim.

Bizdə olar, onlarda olmaz

Maraqlıdır ki, Dubayda olduğumuz 3 gün ərzində yerli əhaliyə az rast gəldik. Statistikaya görə, bu şəhərin əhalisinin 41 faizi hindistanlı emiqrantlardır. Sonrakı yeri Pakistan və Hind-çin yarımadasından gələnlər tutur. Dubayda ünsiyyət qurmaq üçün ingilis dilini bilmək kifayətdir. Rus dili də ara-sıra işə yarayır.

Fevral orada ən sərin ay sayılır. Günorta qısaqol göynəkdə gəzirdik. Axşam hava bir qədər soyuyurdu. Amma yenə qalın paltara ehtiyac duyulmurdu.

Bakı kimi Dubay da, gecələr büsbütün elektrik işığına bürünür. Belə vaxtlar əksəriyyət əyləncə yerlərində istirahət edir. Biz də qaldığımız otelin disko rəqs məkanında olduq. Qiymətlər münasib idi. Bir məqamda qəribəliklə rastlaşdıq. Həmkarlarımdan birinin dirsəyini yoldaşının çiyninə qoyarkən (bu onda vərdiş imiş) qara dərili mühafizəçi bizə yaxınlaşıb, onun qolunu dostunun çiynindən çəkdi. Həmkarım yenə eyni hərəkəti edəndə, mühafizəçi bizi başa saldı ki, Dubayda bu, çox pis qəbul olunur. O dərəcədə pis ki, əgər polis anında görərdisə, həmin şəxsi məntəqəyə apararmış.

Ümumiyyətlə, qadına orada böyük dəyər verirlər. Vay halına, kimsə qadına nəsə söz deyə və bu onun xoşuna gəlməyə. Polisə şikayət etsə, işin şuluqdur.

Sabahı gəzintini günortaya qədər davam etdirdik. Sonra milli komandamızın oynadığı “The Sevens”ə yollandıq. Futbolçularımıızn məşq etdikləri “Əl Nəsr” arenası ilə müqayisədə, bu stadion şəhərdən bir qədər kənarda yerləşir. Sinqapurla ilk oyundakı zəif nəticədən (2:2) sonra, 2-ci matçda “ay-ulduzlular”ın Hindistanı üstələməsi (3:0) kefimizi yerinə gətirmişdi. Nə biləydik ki, axırı yaxşı gəlməyəcək.

Futbolumuz qazandı, yoxsa itirdi?

Oyuna gəldikdə, Fələstin yığması fəal başladı. Bizimkilər rəqibə bir qədər sonra cavab verdilər. Mahir Şükürovun təxminən 40 metrdən cərimə zərbəsi qapıdan aralı keçdi. Branimir Subaşiçin qapıya vuruşunda isə top müdafiəçiyə dəyib, meydandan çıxdı. Fələstin millisi də, digər ərəb komandaları kimi, texnikalı futbol nümayiş etdirirdi. Amma bu o demək deyildi ki, rəqib keçilməzdir. Fələstinlilər FİFA reytinqində bizdən xeyli aşağıda qərarlaşıblar. Onlara qol vurmağa, qalib gəlməyə borcluyduq. Düzdür, hakim ara-sıra yersiz folları ilə millimizin oyununu qırmağa çalışırdı. Bu ba başadüşüləndi: referilər yerliydilər.

Berti Foqts, ənənəsinə sadiq qalaraq, yenə ehtiyatlı oyun taktikası seçmişdi. Ona görə hücumlarımız dişsiz görünürdü. Rəqib bundan istifadə edib, ilk hissədə 1 dəfə fərqləndi. Buraxılan qol futbolçularımızı bir qədər aqrevssivləşdirdi. Tezliklə bunun cəzasını gördük. Hakimlə anlaşılmazlığa görə Rəşad Sadiqov qırmızı vərəqə aldı. Amma maraqlıdır ki, komanda 10 nəfərdə daha yaxşı oynadı. Fasilədən sonra Əfran İsmayılov, Aleksandr Çertoqanov və Cihan Özkaranı meydana buraxan alman mütəxəssisin matçda dönüş yaratmaq istəyi bəhrəsini vermədi. Əvəzində, əkshücum taktikası seçən rəqib, sonda bir dəfə də fərqləndi.

Görüşdən sonra AFFA rəhbərliyi FİFA-ya müraciət etdi. Buna səbəb millimizin Fələstinlə yoldaşlıq görüşünün hakimlərinin müəmmalı şəkildə dəyişdirilməsi idi. Belə ki, Birləşmiş Ərəb Əmirlikləri Futbol Federasiyası öncədən FİFA və AFFA-ya göndərdiyi rəsmi məlumatda matçın baş hakimi kimi Əli Həmadın (BƏƏ) adını göstərmişdi. Amma hakimin qərarlarından şübhələnən AFFA rəsmiləri fasilə zamanı oyunu başqa referenin idarə etdiyini aşkarlayıb. Məlum oldu ki, görüşü Əli Həmad yox, Əli Zarouni Məhəmməd idarə edir.

AFFA rəhbərliyinin müraciətindən sonra FİFA da bu qarşılaşmanın nəticəsini şübhə altına alıb. Bəzi iddialara görə, bukmeker kontorlarında Fələstinin qələbəsi üçün yüksək əmsal qoyulduğundan, hakim də “danışıqlar”a gedib.

FİFA-nın rəsmi saytı da milli komandamızın Dubay hazırlığı çərçivəsində 3 yox, 2 oyun keçirdiyini yazmışdı. Amma bu günlərdə çıxan reytinq açıqlaması başqa şey dedi. “Ay-ulduzlular” 0:2 hesabı ilə uduzduğu matçda xeyli xal itkisinə uğrayıb.

Hər sınaq düşünməyə əsas verir. Ümid edirik ki, Berti Foqts bu təlim-məşq toplanışındakı səhvlərdən lazımi nəticə çıxaracaq, komandanı əsas seçmə mərhələnin oyunlarana daha yaxşı hazırlayacaq.

Xəbər 2908 dəfə oxundu.