Astarada “Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi başa çatıb
Astara şəhərindəki 3 nömrəli tam orta məktəbdə “Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi başa çatıb.

Rayon gənclər və idman idarəsi, təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə 8 zona üzrə beş gün davam edən yarışda 39 tam orta məktəb komandasını təmsil edən 546 məktəbli iştirak edib.

Finalda 6 komanda - Astara şəhər 2 və 3 nömrəli, Kijabə qəsəbə, Artupa, Siyəkü və Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandaları qələbə uğrunda mübarizə aparıblar.

Yarışda daha inamlı oyun nümayiş etdirən Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandası birinci yerə sahib olub.

Astara şəhər 3 nömrəli və Kijabə qəsəbə tam orta məktəblərinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandası aprel ayında Lənkəran şəhərində keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanıb.

Qaliblər diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 635 dəfə oxundu.