Beynəlxalq turnirlərdə uğurla çıxış etmiş cüdoçular və taekvandoçularla görüş keçirilib
Bakıda keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində 7 medal qazanan cüdo üzrə Azərbaycan milli komandasının, həmçinin Niderlandda “Dutch Open” beynəlxalq turnirində aktivinə 10 medal yazdıran taekvando yığmasının üzvləri ilə martın 14-də Gənclər və İdman Nazirliyində görüş olub.

Görüşdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, hər iki yığmanın beynəlxalq turnirdə uğurlu çıxış etməsi Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Cüdoçuların ötənilki yarışa nisbətən bu il daha çox medal qazanması və taekvandoçuların Niderlanddan 10 medalla Vətənə qayıtması sevindirici haldır. F.Mansurov idmançılarımıza IV İslam Həmrəyliyi Oyunlarında və digər beynəlxalq yarışlarda da uğurlar arzulayıb.

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Fərhad Məmmədov və taekvando üzrə Azərbaycan yığmasının böyük məşqçisi Rəşad Əhmədov qeyd ediblər ki, mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlıq işləri görülür. Hər iki məşqçi idmançılarımızın gələcəkdə təşkil ediləcək digər beynəlxalq yarışlarda da medal qazanacaqlarına əminliklərini bildiriblər.

Xəbər 656 dəfə oxundu.