"Şahin” hərbi-idman oyunun qalibləri məlum olub
Naxçıvan şəhərindəki “N” hərbi hissədə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən “Şahin” hərbi-idman oyununun qalibləri məlum olub.

Əlahiddə Ümumqoşun Ordu, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası mübarizə aparıb.

Yarış başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, kapitan Rəcəb Səfərov və digərləri hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Hərbi-idman oyununda komandalar sıra hazırlığı, patronun darağa doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açma, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.

Yekun nəticələrə əsasən, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 2 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 1 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər.

Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, I və II yerin qalibləri olan 15 və 2 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcək.

Xəbər 642 dəfə oxundu.