Rəqibi təzyiq altında saxlamaq üçün hücumun keyfiyyəti vacibdir
Prosineçkini Foqts yolundan qaytarmağa şans var

Azərbaycan milli futbol komandası yeni ilin ilk rəsmi matçı ərəfəsində mühüm hazırlıq tədbirlərini gördü. Rusiyadan sonra dünya çempionatını qəbul edəcək Qətərdə meydana çıxan futbolçularımız daha çox rəqibin səhlənkarlığından məharətlə istifadə edərək oyuna uğurla başladılar.

Lakin hətta ev sahiblərinin istəyinə əsasən, "gizli qapılar" arxasında keçən bu matç haqqında əldə etdiyimiz məlumatlar, eləcə də baş məşqçinin sözləri də arxayınçılığa əsas olmadığını əyani nümayiş etdirir. Komandamız qol sevincini bayram etməyə macal tapmamış cavab zərbəsini alıb. Bu oyun yoxlama matçı olduğundan nəticələrdən daha çox oyun, xətlərarası əlaqələr və komandanın psixoloji vəziyyəti baxımından əhəmiyyət kəsb edirdi. Axı qarşıdakı rəqib Almaniyadır. Onunla oyunun özü də psixoloji baxımdan vacibdir. Ondan sonrakı oyunlar isə daha vacibdir. Xüsusən də olsterlilərlə iyun ayında Bakıdakı qarşılaşmanı qədər oyunu kimi də qiymətləndirmək olar.

Elə Qətərlə oyunla bağlı əcnəbi mətbuatın məlumatları əsasında əldə etdiyimiz statistik məlumatlar da bəzi məqamlarda ev sahiblərinin üstün olduğunu, lakin komandamızın uğurla müdafiə olunduğunu göstərir. Məlumatlardan birinə görə Qətər millisi qapımızı 12 dəfə nişan alaraq, cəmi bir dəfə uğur qazanıb. Bu zərbələrdən 3-ü çərçivəyə tuş gəlib, 9-u isə kəmiyyət kimi qalıb. Bununla belə onların hücumda üstünlyü cüzi olub. Komandamız isə cəmi 7 dəfə nişangahı hədəfə alıb. Amma bunlardan ikisi dəqiq olub, elə bir o qədəri də qapıdan yan keçib. Deməli, keyfiyyət əmsalı da böyük olub. Əsas da elə bu məqamdır. Bu ünsürü inkişaf etdirmək şimal üslublu rəqiblərlə oyunda çox böyük əhəmiyyət kəsb edəcək. Çünki rəqibi təzyiq altında saxlamaq üçün məhz hücumun keyfiyyəti vacibdir. Əlbəttə, daha bir mühüm məsələ qarşıdakı rəqibləri Qətər süzgəcindən keçirməməkdir. Məsələn, daha bir məlumata görə, Qətər millisi təhlükəli sayıla biləcək hücumları millimizdən az qala iki dəfə artıq reallaşdırıb. Bu məqamı da əsas götürsək, Prosineçki və onun məşqçi korpusunun işi kifayət qədərdir. Son dövrlər bu məşqçinin də Foqts yolu tutmasının işartılarını görsək də, bəlkə də onun geri dönüşü elə bu matç olacaq. Söz yox ki, ölkəmizə gələn mütəxəssislərin daim eyni aqibəti yaşaması, onları işəgötürənin münasibətindən formalaşır. Buna görə də son dövrlər beynəlxalq aləmdə nüfuzunu artırmaq üçün əhəmiyyətli addımlar atan assosiasiya rəsmiləri özlərinə və gördükləri işə münasibətdə də ciddi və daha tələbkar olacaqlar. Çünki millimiz üçün ilk dəfə ən uğurlu seçmə mərhələsini yaşamaq üçün yaranmış bu fürsəti əldən vermək olmaz. Axı, qapımızı bizə daha yaxın olan "Avro-2020" də döyür.


Yoxlama-sınaq oyunu
Qətər - Azərbaycan 1:2 (0:0).

9 mart. Doha. Şeyx Casim bin Həmad adına ("Əl Sədd") stadion.
Hakimlər: Ferenc Karako, Peter Brettian, Balaş Buzas (Macarıstan) - Səud Əl Ətxba (Qətər).
Qol: Rodriqo Barboza Tabata, 55//Tərlan Quliyev, 52, Araz Abdullayev, 62.
Qətər: Səad Əl Şib, Yasir Əbubəkir İssa, Rodriqo Barboza Tabata, Həsən Əl Haydos, Əkrəm Həsən Əfif, İbrahim Məcid, Əhməd Əl Səyid, Pedro Migel, Bualim Xuxi, Luis Cyara, Sebastyan Soria.
Baş məşqçi: Xorxe Fossati.
Azərbaycan: Səlahət Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədəvi Hüseynov, Rahid Əmirquliyev, Namiq Ələsgərov (Rauf Əliyev, 46), Ruslan Qurbanov (Tərlan Quliyev, 46), Rəşad F.Sadıqov (Araz Abdullayev, 46), Cavid Hüseynov (Elvin Məmmədov, 83), Ağabala Ramazanov (Ürfan Abbasov, 71), Tellur Mütəllimov.
Baş məşqçi: Robert Prosinecki.

Xəbər 1246 dəfə oxundu.