Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirindən 2 qızıl və 1 gümüş medalla qayıdırlar
İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunmuş sayca 45-ci beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, pəhləvanlarımız turniri 2 qızıl və 1 gümüş medalla başa vurublar.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandamızın 5 üzvü turnirdə mübarizə aparıb.

Qızıl medalları yığmamıza Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) qazandırıblar. Hər iki güləşçimiz finalda Türkiyə təmsilçisindən üstün olub. Qalib Əliyev Abdi Zurnaçını 4:1 hesabı ilə üstələdiyi halda Aslanbek Alborov Rza Yıdırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib.

Turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Mahir Əmiraslanov isə Türkiyə idmançısı Süleyman Atlı ilə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Komanda hesabında Azərbaycan yığması Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.

Xəbər 711 dəfə oxundu.