Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
Martın 12-də həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.

İkinci dövrədə qadınlar arasında baş tutan sonuncu qarşılaşmalarında “Gənclər Birliyi” komandası “Qarabağ”ı 32:30, Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Mərkəzinin (RİOEUGİM) 2 saylı klubu “Nəsimi”ni (12 saylı İOEUGİM) 33:28 hesabı ilə məğlub edib. Kişilər arasında yarışda isə “Məhsul” kollektivi “Təhsil”ə 42:29, “Nur” komandası isə “Azəryol”a 27:21 hesabı ilə qalib gəlib.

Sonra XXIV ölkə çempionatının bağlanış mərasimi olub.

Tədbirdə çıxış edən AHF-in prezidenti Saleh Məmmədov çempionatın əhəmiyyətindən danışaraq qeyd edib ki, federasiya qısa müddətdə yeni komandaların yaradılmasına və gücləndirilməsinə nail olub. O, əldə olunan nailiyyətlərə və həndbolun inkişafına göstərdiyi yüksək diqqətə və dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkə çempionatının yüksək səviyyədə keçirildiyini bildirib, federasiyaya və idmançılara uğurlar arzulayıb.

Sonda mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə kişi həndbolçular arasında fərqlənən idmançılara medallar təqdim olunub. Nəticələrə əsasən, “Məhsul” komandası qızıl, “Təhsil” kollektivi gümüş, RİOEUGİM (2 saylı) həndbolçuları isə bürünc medallara layiq görülüb.

Qadınlar arasında mübarizədə isə “Nur” komandası qızıl, “Azəryol” həndbolçuları gümüş, “Qarabağ” kollektivi isə bürünc medallara yiyələniblər. Daha sonra ayrı-ayrı nominasiyalar üzrə fərqlənən həndbolçulara mükafatlar təqdim olunub.

Xatırladaq ki, martın 11-də oynanılan görüşlərdə “Nur” komandası “Gənclər Birliyi”ni 40:25, “Azəryol” klubu “Qarabağ”ı 28:20, “Təhsil” komandası “Nəsimi”ni (12 saylı İOEUGİM) 37:33, “Məhsul” klubu RİOEUGİM-u (2 saylı) 44:26 hesabı ilə məğlub edib.

Xəbər 799 dəfə oxundu.