“Şahin” hərbi-idman oyunu gənclərin vətənpərvərlik tərbiyəsi işinə mühüm təsir göstərir
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qaxda keçirilən rayon turunun yarışları Qax şəhər 2 nömrəli məktəb-liseyin komandasının qələbəsi ilə başa çatıb. Şəhər stadionunda 15 komandanın iştirakı ilə keçirilən rayon birinciliyində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb.

Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar sonra maneələrin dəf olunması, kəndir vasitəsi ilə yüksəkliyə dırmanma, turnikdə dartınma, tüfəngdən hədəfə atəş açmaq, mülki müdafiə hazırlığı, yaralıya ilk tibbi yardımın göstərilməsi, çadırın qurulması və digər yarışlarda qüvvələrini sınayıblar.

Rayon birinciliyinin qalibi olan 2 nömrəli məktəb-liseyin komandası, eyni zamanda, zona yarışlarında iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Qax şəhər 4 nömrəli və Ləkit kənd tam orta məktəblərin komandaları tutublar.
Qeyd edək ki, Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıyır.


Xəbər 679 dəfə oxundu.