“Böyük dəbilqə”: Rüstəm Orucov və Xanım Hüseynova bürünc medal qazanıblar
Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri davam edir.

Turnirin ikinci günündə mübarizəyə qoşulan Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) ilk görüşündə gürcüstanlı Omari Niazaşviliyə qalib gələrək dörddəbir finala yüksəlib. Növbəti görüşündə yaponiyalı Riki Nakayyaya uduzan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə Ukrayna təmsilçisi Dmitro Kanivetsaya, daha sonra isə gürcüstanlı Laşi Şavdatuaşviliyə qalib gələn Rüstəm Orucov bürünc medala sahib olub.

Qadın cüdoçuların 63 kiloqram çəki dərəcəsində Azərbaycan dueli olub. Dörddəbir finalda Xanım Hüseynova Nuriyyə Axundovanı məğlub etməklə yarımfinala yüksəlib. Sonra cüdoçumuz Böyük Britaniya təmsilçisi Alise Şlesingerə məğlub olub. Nərgiz Hacıyeva və Gülsədəf Kərimova ilk görüşdə Türkiyə və Sloveniyadan olan rəqiblərinə məğlub olublar. Buna baxmayaraq, cüdoçularımız bürünc medal şanslarını davam etdiriblər. Nərgiz Hacıyevaya təsəlliverici döyüşdə qalib gələn Gülsədəf Kərimova bürünc medal uğrunda komanda yoldaşı Xanım Hüseynova ilə qarşılaşıb. Görüş Xanım Hüseynovanın qələbəsi ilə yekunlaşıb.

Xəbər 773 dəfə oxundu.