Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 25 il ötür
Martın 10-u Azərbaycan Milli Olimpiya Komitəsinin yarandığı gündür. Bu əlamətdar tarixdən 25 il ötür. Bu müddət ərzində respublikamız beynəlxalq Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır.

Müstəqillik dövründə böyük tərəqqi yolu keçən Azərbaycan digər sahələrdə olduğu kimi, idmanda da mühüm uğurlar qazanıb. Azərbaycanda gənc nəslin fiziki cəhətdən sağlam böyüməsini diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin diqqət və qayğısı, idman sahəsində müəyyənləşdirdiyi strateji vəzifələr sayəsində idmançılarımızın uğurlarının sayı ildən-ilə artmağa başladı. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda Olimpiya hərəkatının inkişafında yeni səhifə açıldı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin inkişafı, iqtisadiyyatımızın ildən-ildə güclənməsi uşaqları, yeniyetmələri və gəncləri idmana cəlb etmək, sağlam, fiziki hazırlıqlı nəsil formalaşdırmaq üçün geniş imkanlar yaradır.

Respublikamızı idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ötən illər ərzində müasir idman infrastrukturu yaradıldı, bölgələrimizdə yeni idman qurğuları tikildi. Yararsız vəziyyətdə olan köhnə təlim-məşq bazaları təmir olundu və yenidən quruldu. Bütün bunlar idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda yüksək nailiyyətlər qazanmalarına zəmin yaratdı.

1996-cı ildə Atlantada Yay Olimpiya Oyunlarından başlanan zəfər yolu sonradan Sidney, Afina, Pekin və London olimpiadalarında da uğurla davam etdirildi. İlk Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvalə olunması Azərbaycanın idman ölkəsi kimi artan nüfuzunun daha bir göstəricisi idi. Azərbaycanın bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə yanaşı, milli komandamızın ümumi hesabda 56 medalla qitə ölkələri arasında fəxri ikinci yeri tutması Azərbaycanın Olimpiya ideallarına sadiqliyini bir daha təsdiqlədi.

2016-cı il isə Azərbaycan idmançılarının daha böyük uğurları ilə əlamətdar oldu. Mövsüm ilk növbədə atletlərimizin Rio Olimpiadasında göstərdiyi nəticələrlə yadda qaldı. Olimpiadada qazanılan 18 medal milli komandamızın idman tarixində ən yüksək nailiyyətidir. Azərbaycan idmançıları 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 15-ci yeri tutdular.

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi, habelə 42-ci Ümumdünya Şahmat Olimpiadası 2016-cı ildə ölkəmizin dünya idmanına verdiyi misilsiz töhfələr kimi qiymətləndirildi.

İki aydan sonra paytaxtımızda daha bir kütləvi idman bayramı - IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Şübhə yoxdur ki, respublikamız bu yarışları da yüksək səviyyədə keçirməklə dünya idmanı tarixində yenə də silinməz iz qoyacaq və Azərbaycan standartlarının daha bir nümunəsini təqdim edəcək.

Prezident İlham Əliyevin dediyi kimi, idmanın inkişafı Azərbaycanda artıq reallıqdır və çox sevindirici hal ondan ibarətdir ki, bu uğurlar ildən-ilə artır. Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər.

Azərbaycan Olimpiya hərəkatında bu istiqamətdə inamla irəliləyir. Sürətli tərəqqi və inkişaf dalğası idmançılarımızı ildən-ilə yeni nailiyyətlərə və qələbələrə doğru aparır.

Xəbər 1504 dəfə oxundu.