Yoahim Löv ölkəmizə gətirəcəyi heyəti gələn həftə açıqlayacaq
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycana gətirəcəyi heyəti gələn həftə açıqlayacaq.

Bu barədə məlumatı təcrübəli mütəxəssis özü yerli mətbuata açıqlamasında verib.

O bildirib ki, Bundesliqanın həftəsonu keçiriləcək növbəti tur matçlarında milliyə namizədlərin son durumuna bir daha göz gəzdirəcək. Löv eyni zamanda “Bayer”in Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletiko” ilə (15 mart) cavab qarşılaşmasına da baxacaq.

57 yaşlı çalışdırıcı millimizlə qarşılaşmaya bir neçə gənc futbolçunun dəvət alacağını istisna etməyib. Yerli mətbuat isə onun daha çox Çempionlar Liqasında iştirak edən klubların oyunçularına üstünlük verəcəyini iddia edib.

Qeyd edək ki, martın 22-də İngiltərə ilə yoxlama görüşü keçirəcək Almaniya yığması bundan 4 gün sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Xəbər 812 dəfə oxundu.