Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində üç oyun keçiriləcək
Martın 9-da keçiriləcək üç oyunla UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək. Hər üç görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son yeddi ev oyununda məğlub olmayan Danimarkanın “Kopenhagen” komandası doğma meydanda Hollandiyanın “Ayaks” klubunu qəbul edəcək. Bu, komandaların sayca beşinci görüşü olacaq.

Kiprin APOEL komandası isə evdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. Bu komandalar indiyədək heç vaxt üz-üzə gəlməyiblər. APOEL Belçika komandaları ilə keçirdiyi dörd görüşün hamısında məğlub olub. Bu matç “Anderlext” üçün də əlamətdardır. Belçika təmsilçisi bu oyunda Avropa liqalarında 250-ci qolunu vura bilər.

Üçüncü görüş isə Rusiyada “Rostov” komandası ilə “Mançester Yunayted” arasında keçiriləcək. “Rostov” ilk dəfə bir ingilis klubu ilə qarşılaşacaq. Rusiya təmsilçisi qitə turnirində keçirdiyi son yeddi oyunun yalnız birində meydanı məğlub tərk edib. “Mançester Yunayted” isə indiyədək Rusiyada keçirdiyi dörd oyunda məğlub olmayıb (bir qələbə, üç heç-heçə). Mançesterlilər indiyədək UEFA Avropa Liqasında çempion adını qazana bilməyiblər.

Səkkizdəbir final mərhələsinin digər beş qarşılaşması martın 10-da oynanılacaq. “Olimpiakos”-“Beşiktaş”, “Gent”-Genk”, “Olimpik Lion”-“Roma”, “”Selta Viqo”-“Krasnodar” və “Şalke”-“Mönxenqladbax” qarşılaşmaları Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Xəbər 823 dəfə oxundu.