“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 10 komanda mübarizə aparıb
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Şəkidə keçirilən rayon turunun yarışları şəhər 11 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəhər stadionunda təşkil edilən yarışlarda rayonun ümumtəhsil məktəblərini təmsil edən 10 komanda mübarizə aparıb.

Birinciliyin açılış mərasimində Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.

Sonra yarışlara start verilib. Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar daha sonra maneənin dəf edilməsi, silahın sökülüb yığılması, sanitarların hazırlığı və digər yarışlarda bacarıqlarını nümayiş etdiriblər. Rayon birinciliyinin qalibi olan şəhər 11 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, Qəbələdə keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb. Sonrakı yerləri fizika-riyaziyyat təmayüllü liseyin və şəhər 8 nömrəli tam orta məktəbin komandaları tutublar. Birincilikdə fərqlənən komandalara diplom və hədiyyələr təqdim olunub.

Xəbər 672 dəfə oxundu.