Xalqla ordunun həmrəyliyini sübut edən şəhidlik
Hadisələrin başlandığı vaxt zərbə altında olan ərazilərin sakinləri əllərindən gələn köməyi göstərmək üçün əsgərlərimizin yanına can atıblar. Əlbəttə, mülki əhalinin köməyinə heç bir ehtiyac yox idi. Ordumuz ermənilərin hər bir təxribatının qarşısını almaq üçün kifayət qədər qüvvəyə malik idi.

Döyüşlər başlanmazdan bir gün əvvəl Fərman dostu, həm də yeznəsi Sadiqlə ailəvi səfərə çıxmağı planlaşdırmışdı. Lakin səhər Tərtərdə baş verən hadisələr onları bu fikirdən daşındırdı. Belə bir gündə istirahət, gəzinti barədə düşünmək dostlara xəyanət kimi göründü. Cəbhə xəttindən verilən xəbərlər vəziyyətin ciddi olduğunu göstərirdi. Dostlar sözü bir yerə qoyub Fərmanın "Niva"sında Gəncədən Tərtərə yola düşdülər. Hər ikisi əsgərlikdə olmuş, hərb işini bilir, cəbhə həyatı ilə tanış idilər. Tərtərə yaxınlaşdıqca top atəşlərinin səsi daha da güclənirdi.

Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində ermənilər tərəfindən ağır artilleriya atəşinə tutulan evlərdən insanları çıxarmaq lazım idi. Dostlar dərhal xilasetmə işlərinə qoşuldular. Öz maşınlarında yaralıları xəstəxanaya daşıyır, əhalini təhlükəli yerdən uzaqlaşdırırdılar. Sonuncu dəfə bir də ərazini yoxlamaq üçün dönəndə kapitan Mübariz Rəhimovla rastlaşırlar və onu da özləri ilə götürürlər. Şıxarxda yerləşən qum-çınqıl karxanasından bir qədər uzaqlaşmışdılar ki, düşmənin top mərmisi avtomaşının yaxınlığına düşür. Maşının qabaq hissəsində oturan Fərmanla Sadiq ağır yaralanır, kapitan Rəhimov isə xətasız ötüşür. Sadiq özü qan içində olsa da, qaynı Fərmanı Tərtər xəstəxanasına çatdırır. Və orada özü də huşunu itirir. Həkimlərin səyinə baxmayaraq, ciyərlərini qəlpə dağıtmış və çox qan itirmiş Fərman Əsədli əməliyyat masasında keçinir. Sadiq isə başının arxa hissəsindən aldığı yaradan bir neçə gün komada qalır.
Fərman Əsədli 1990-cı il sentyabrın 10-da anadan olmuşdu. 2007-ci ildə Gəncə Dövlət Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirmişdi. Fərman orta məktəb illərində idmana həvəs göstərib, 2 saylı Gəncə Uşaq-Gənclər İdman məktəbində cüdo ilə məşğul olub. 2003-2004-cü illərdə Gəncə şəhər "Təhsil" idman mərkəzinin keçirdiyi yarşlarda mükafata layiq yerlər tutub. 2003-cu ildə ümummilli lider Heydər Əliyevin 80 illik yubileyi münasibətilə keçirilən məktəb birinciliyinin, 2004-cü ilin yanvarında UGİM-in qış tətili, Novruz bayramına həsr edilmiş daxili birinciliklərinin qalibi olub. 2003-cü ilin noyabrında İlham Əliyevin prezident seçkilərində qələbəsinə həsr edilən yeniyetmələr arasında Gəncə "Təhsil" mərkəzinin açıq birinciliyində 2-ci, həmin ilin mayında Mingəçevirdə Respublika Gününə həsr olunmuş şəhərlərarası turnirdə 3-cü olub. 2004-cü ilin fevralında Fərman Əsədli Gəncə "Təhsil" idman mərkəzinin Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyində üçüncü nəticə göstərib.

Atası Elçin Əsədov keçmiş hərbçi kimi oğlunun ölüm xəbərini qürur və mətinliklə qarşıladı. "Oğul, Vətən sipəridir, yeri gələndə şəhid də ola bilər", - dedi. Fərman qəhrəmanlığı ilə Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun gücünü, eləcə də xalqın öz ordusuna inamının möhkəmliyini, rəğbətinin böyüklüyünü nümayiş etdirdi və şəhidlik məqamına yüksəldi.

Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.

Ə.FƏRƏC

Xəbər 698 dəfə oxundu.