Kiyev turnirinin ikinci günündə güləşçilərimiz 5 medal qazanıblar
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir başa çatıb.

Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak ediblər.

Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıblar.

İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125, qadın güləşi üzrə 53, 58, 63 və 75 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Sərbəst güləş üzrə kişilərin yarışında 61 kiloqram çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov ardıcıl olaraq Bolqarıstan, Belarus və İrandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Ukrayna idmançısı Vasil Şuptarı təmiz qələbə ilə üstələyən güləşçimiz turnirin qızıl medalını qazanıb.

Turnirdə 86 kiloqram çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov mübarizəyə 1/16 final mərhələsindən başlayıb və ardıcıl olaraq Ukrayna, Macarıstan, Belarus və yarımfinalda daha bir Ukrayna güləşçisini məğlub edərək finala yüksəlib. Finalda İran idmançısı Mostafa Giasi Çekanı tam üstünlüklə məğlub edən təmsilçimiz turnirin qızıl medalına sahib olub.

Qadın güləşi yarışlarında 63 kiloqram çəkidə mübarizə aparan Elmira Qəmbərova ABŞ, Almaniya və Ukraynadan olan rəqiblərindən üstün olub və adını finala yazdırıb. Final görüşündə güləşçimiz Dünya və Avropa çempionu Yuliya Tkaça minimal hesabla uduzaraq gümüş medalla kifayətlənib.

Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) isə bürünc medal uğrunda həlledici görüşə çıxıblar. Müvafiq olaraq Almaniya və Ukraynadan olan idmançıları məğlub edən təmsilçilərimiz turnirin bürünc medalına sahib olublar.

Beləliklə, iki gün davam edən yarışı Azərbaycan yığması, ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Bu medallardan 2 qızıl və 2 bürüncü sərbəst güləşçilərin, 1 qızıl, 2 gümüş və 2 bürünc medal isə qadın idmançıların payına düşüb.

Xəbər 893 dəfə oxundu.