Azərbaycan cüdoçuları Avropa kuboku yarışlarında 9 medal qazanıblar
Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yarışın sonuncu günündə Azərbaycan milli komandası aktivinə daha beş medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq), Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) gümüş, Günel Bəkirzadə (57 kq) və Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıblar.

Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında ikinci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa kuboku yarışlarında 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Xəbər 858 dəfə oxundu.