Ağdaşda idman sahəsində uğurlu nəticələr əldə edilib
Ağdaşda bədən tərbiyəsi və idman günü təntənə ilə qeyd edilib. Bu münasibətlə rayonda silsilə tədbirlər təşkil olunub. Rayonun idman ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində idmançılarla keçirilən görüşdə Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idmanın inkişafı istiqamətində görülən işlərdən, qazanılan nailiyyətlərdən danışıb. O diqqətə çatdırıb ki, rayon gənclərinin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb və uğurlar əldə olunub. Peşə bayramı münasibətilə rayonun bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələrini təbrik edən A.Gözəlov qeyd edib ki, bu əlamətdar gün münasibətilə rayonda yeniyetmə və gənclər arasında taekvando və voleybol yarışları keçirilib, qaliblərə mükafatlar verilib.

A.Gözəlov bildirib ki, hazırda Ağdaşda 10 mindən artıq yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Hazırda rayonda bir olimpiya idman kompleksi, bir idman-sağlamlıq mərkəzi, iki stadion, 42 idman zalı, 71 sadə idman meydançası, bir üzgüçülük hovuzu, 3 trenajor zalı, 3 idman klubu, 2 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Son bir ildə Ağdaşda bədən tərbiyəsi və idman sahəsində xeyli uğurlar əldə olunub. Rayon idmançıları 2016-cı il ərzində müxtəlif idman növləri üzrə keçirilən 55 yerli, respublika və beynəlxalq səviyyəli yarışda iştirak edib. Bu yarışlarda Ağdaşı 1500-dən çox idmançı təmsil edib.

Sonda bir qrup bədən tərbiyəsi və idman müəlliminə, eləcə də yarışlarda uğur qazanan idmançılara hədiyyələr verilib.

Xəbər 896 dəfə oxundu.