Marşallar üçün mövsümün ilk təlimi keçirildi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İdman Əməliyyatları şöbəsi martın 4-ü “Fairmont” hotelində Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək marşallar üçün “Formula 1-ə giriş” adlı ilk təlimini keçirib.

Təlim çərçivəsində marşallara builki Formula 1 Dünya Çempionatında baş verən dəyişikliklər və 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində marşallıq fəaliyyətinə dair ətraflı məlumat verilib. Bununla yanaşı, yeni seçilmiş marşallar təlim zamanı Formula 1 yarışının əsas xüsusiyyətləri və ümumilikdə marşallıq fəaliyyəti ilə yaxından tanış olublar.

Təlimin keçirilməsində əsas məqsəd marşallara Formula 1 çempionatında baş verən yenilikləri çatdırmaq və yeni seçilmiş marşalların ötən ildən etibarən Qran Pri yarışlarında iştirak edən marşallarla tanışlıq qurmasını təmin etməkdir.

BŞH-nın İdman Əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev marşallar üçün yeni mərkəzin yaxında istifadəyə veriləcəyini deyib: “Biz bu gün Formula 1 yarışlarının ayrılmaz hissəsi olan marşallar üçün Formula 1 və marşallıq fəaliyyəti haqqında mövsümün ilk təlimini təşkil etdik. Məqsədimiz klubumuzun üzvləri olan və bu il yeni seçilmiş marşallara Formula 1 haqqında geniş məlumat vermək və marşallıq fəaliyyətinin önəmli məqamlarını çatdırmaq idi.

Bir yeniliyi nəzərinizə çatdırmaq istərdim ki, marşallar üçün təlimlər yaxın zamanda açılışını planlaşdırdığımız yeni Marşal Mərkəzində baş tutacaq. Mərkəzdə 10-a yaxın təlim otağı, zəruri avadanlıqlar və praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq və marşallar burada yarışı gerçəkliyinə uyğun şəkildə simulyasiya etmək imkanı əldə edəcəklər”.

Mövsümün ilk təlimində ümumilikdə 700-dən çox marşal iştirak edib və bu marşalların əksəriyyəti ötən ildən etibarən fəaliyyət göstərir. BMK-nın ulduz səfiri Murad Dadaşov da təlimə qatılaraq bütün marşallara gələcək işlərində uğurlar arzulayıb.

BŞH-nin İdman Əməliyyatları şöbəsi ictimaiyyətin nəzərinə çatdırır ki, marşallıq proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün proqrama müraciət edib.

Marşallıq fəaliyyəti haqqında daha ətraflı məlumatı aşağıdakı rəsmi səhifələrdən və ya Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Rəsmi səhifə: https://www.bakucitycircuit.com/az/biz-qosul/marsallar
Facebook: https://www.facebook.com/BakuMarshalsClub/
Çağrı mərkəzi: 012 404 13 83

Xəbər 866 dəfə oxundu.