Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş peyntbol yarışı keçirilib
Martın 4-də Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşları, idmançılar, kütləvi informasiya vasitələrinin nümayəndələri və tanınmış estrada ulduzları arasında peyntbol yarışı təşkil olunub.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan yarış GİN və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilib.

GİN-in sektor müdiri Aydın Məmmədov tədbirdə çıxış edərək bildirib ki, bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də dövlətimizin başçısı tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

“Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmana və idmanıçılara göstərdiyi diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirlir”, - deyə Aydın Məmmədov əlavə edib.

Sonra yarışlara start verilib. Bu yarış Azərbaycanda peyntbol üzrə belə formatda təşkil olunan ilk turnirdir.

Xəbər 1092 dəfə oxundu.