Güləşçilərimiz Kiyevdə beynəlxalq turnirin ilk günündə 4 medal qazanıblar
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir davam edir. Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edirlər.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 97, qadın güləşi üzrə 48, 55, 60, 69 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar.

Qadın güləşi üzrə yarışlarda 48 kiloqram çəkidə mübarizə aparan Türkan Nəsirova ardıcıl iki Ukrayna təmsilçisini üstələyərək finala yüksəlib. Finalda ABŞ idmançısına uduzan güləşçimiz turnirin gümüş medalı ilə kifayətlənib. Digər güləşçimiz Tatyana Omelçenko (60 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. İlk görüşdə ABŞ təmsilçisi olan Olimpiya və dünya çempionu Helen Maroulisi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Ukrayna, finalda isə daha bir ABŞ idmançısından üstün olub.

Sərbəst güləş üzrə kişilərin yarışında 65 kiloqram çəkidə mübarizə aparan Gitinomaqomed Hacıyev Ukrayna və ABŞ təmsilçilərini üstələsə də, yarımfinalda Rumıniya idmançısına uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Görüşdə Moldova idmançısına qalib gələn təmsilçimiz turnirin bürünc medalına sahib olub. Məhəmməd Müslümov (65 kq) da bürünc medal qazanıb. Üçüncü yer uğrunda görüşdə o, Ukrayna idmançısını tam üstünlüklə məğlub edib.
Mircəlal Həsənzadə (57 kq) və Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıblar.

Beləliklə, güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Xəbər 736 dəfə oxundu.