“Bakı Şəhər Halqası” 5 könüllünü İtaliyaya göndərəcək
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu ilki yarış ərəfəsində ən yüksək fəaliyyət nümayiş etdirən 5 könüllünü sentyabrın 1-3-də İtaliyanın Montsa şəhərində keçiriləcək Formula-1 Qran-prisinə göndərəcək.

Səfər zamanı könüllülərin səyahət, oteldə gecələmək və yarışı izləməklə əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq. Həmçinin könüllülər İtaliya Qran-prisinin təşkilatçı şirkətinin müvafiq proqramının iştirakçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına da sahib olacaqlar.

BŞH-nın insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə dair maraq oyatmaq və Bakıda baş tutacaq növbəti Formula-1 yarışının təşkilatçılığında ən yüksək səviyyədə iştirak edən 5 könüllünü mükafatlandırmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər əvvəlcədən Formula-1 Azərbaycan Qran-prisinin könüllülər proqramının bütün seçim mərhələlərindən keçərək yarışın könüllüsü adını qazanmalı, azı orta səviyyədə ingilis dilini bilməli, Azərbaycan vətəndaşı olmaqla yanaşı 18 yaşdan yuxarı olmalıdır.

Xəbər 764 dəfə oxundu.