Bədən Tərbiyəsi və İdman Günü Xızıda təntənəli şəkildə qeyd olunub
Martın 2-də Xızıda tanınmış idmançılarla və idman mütəxəssisləri ilə görüş keçirilib.

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Xızının mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Daha sonra Heydər Əliyev Mərkəzinə gələn iştirakçılar foyedə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.

Xızı Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Elyanar Hüseynov, YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, Olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, güləş üzrə dünya və Avropa çempionatının mükafatçısı Əşrəf Əliyev və digərləri çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar.

Bildirilib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, həmişə respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Dövlətimizin başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.

Natiqlər vurğulayıblar ki, Azərbaycanda idman siyasətinin düzgün aparıldığını bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il idmanın müxtəlif növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlətimizin başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza hər cür dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi qeyd olunub. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmayıb. Məhz onların istəyi ilə son illərdə ölkəmizdə mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.

Ölkəmizin birinci Avropa Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, Formula-1 Azərbaycan Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini, bu uğurun mayda Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı da təkrarlanacağını diqqətə çatdıran natiqlər paytaxtda və regionlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şəraitin yaradıldığını qeyd ediblər.

Daha sonra rayonda idmanın inkişafı istiqamətində fərqlənən bir qrup şəxs fəxri fərmanla mükafatlandırılıb. Həmçinin yeniyetmə idmançılara da qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 626 dəfə oxundu.