Həndbolçulardan ibarət yığma komandamız Rusiyada yoxlama matçları keçirib
Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama matçları keçirib.

Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlaşan komandamız “Stavropolye-SKFU” klubu ilə qarşılaşıb.

Komandalar 2 yoxlama oyunu keçiriblər. Georgi Voronovun yetirmələri hər 2 matçda məğlub olublar. İlk görüşdə 28:26 hesabı ilə qalib gələn Superliqa təmsilçisi ikinci oyunda daha böyük fərqlə qələbə qazanıb – 29:23.

Ardıcıl 4-cü ildi Stavropolun qonağı olan yığmamızın bu dəfə meydan sahiblərinə daha çox müqavimət göstərib. Bunu rusiyalı baş məşqçi Yevgeni Zotin açıqlayıb: “İldən-ilə oyunlar daha gərgin keçir. Yoldaşlıq xarakteri daşısa da, güzəştsiz, sərt matçlar izlədik. Sonadək amansız mübarizə apardıq. Belə sərt sınaqlar ölkə çempionatının məsul oyunları öncəsi bizim üçün göydəndüşmə oldu”.

Xəbər 646 dəfə oxundu.