Pencak-silat idmanı Azərbaycanda sürətlə inkişaf edir
Xocalı faciəsindən 25 il ötür. Ötən illərdə olduğu kimi, bu il də faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyası tərəfindən növbəti yarış təşkil olunub. Xatirə turnirində paytaxtın ən güclü idmançıları birincilik uğrunda mübarizə aparıblar.

A.Hümbətov deyib: “Yarışın təşkilinə göstərilən dəstəyə görə Dövlət Sərhəd Xidmətinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə, İndoneziyanın Azərbaycandakı səfirliyinə, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu turnirə informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) minnətdarlığımı çatdırıram. Pencak-silat İndoneziyanın milli idman növüdür. Biz səfirliyə müraciət edərək yarışın Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunduğunu bildirdik və onlardan dəstək aldıq”.

Baş məşqçi qeyd edib ki, xatirə yarışında 176 idmançı birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibləri martda Qırğızıstanda Asiya kuboku, Malayziyada isə məktəblilər və böyüklər arasında dünya birinciliyində iştirak hüququ qazanıblar. Növbəti yarışlara hazırlığımız plana uyğun olaraq davam edir. Məşqlərlə yanaşı, idmançılara psixoloji və fiziki hazırlıq kursu da keçirilir. Yarışlara qədər millimizin 15 günlük hazırlıq proqramı var ki, bu da onların formada olması üçün kifayət edir.

İndoneziyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə mütəxəssislərin ölkəmizə dəvət olunduğunu, yerli idmançılar üçün ustad dərslərinin təşkil edildiyini vurğulayan A.Hümbətov deyib: “Ustad dərsləri peşəkarlığın artırılması istiqamətində böyük əhəmiyyət daşıyır və bunun mütəmadi hal almasına çalışırıq. Avqustda ölkəmizdə pencak-silat üzrə irimiqyaslı beynəlxalq turnir təşkil olunacaq. Həmin yarış üçün bizim yerli beynəlxalq dərəcəli hakimlərə ehtiyacımız var. Ustad dərslərinin təşkili yerli hakimlərin formalaşmasına töhfə verəcək”.

İdmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışan A.Hümbətov pencak-silatın ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, idmançılarımız həmişə irimiqyaslı yarışlarda mükafatçılar sırasında yer alırlar. Azərbaycan hətta 2013-cü ildə Avropanın ən güclüsü olub.

“Pencak-silat İslam elementləri ilə yanaşı, özündə xristianlığın və buddizmin də cizgilərini əhatə edir. Balidə təşkil olunan dünya çempionatında arena azarkeşlərlə dolu idi. Nəzərə alsaq, Balinin əhalisi buddizmə sitayiş edir, pencak-silatın sülhə və dostluğa xidmət etdiyini anlamaq olar. Hazırda dünyanın 87 ölkəsində idmanın bu növü geniş yayılıb və Azərbaycan öz uğuru ilə digərlərindən fərqlənir”, - deyə baş məşqçi əlavə edib.

AZƏRTAC

Xəbər 493 dəfə oxundu.