AFFA-nın növbəti beş il üçün strateji fəaliyyət planı UEFA tərəfindən yüksək qiymətləndirilib
AFFA-nın növbəti beş il üçün strateji fəaliyyət planı UEFA tərəfindən yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə keçirilən “UEFA GROW” sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Sammitdə AFFA-nın növbəti beş ildəki fəaliyyət planı barədə təqdimatla çıxış edən E.Məmmədov bildirib ki, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan planda Azərbaycanda idmanın, xüsusən də futbolun inkişafı prioritet olaraq qarşıya qoyulub.

Baş katib deyib: “UEFA GROW” sammitində təqdim edilən, AFFA-nın növbəti beş il üçün strateji fəaliyyət planında Azərbaycanda idmanın kütləvi inkişafı, futbol həvəskarlarının, milli klubların və güclü komandaların sayının artırılması məsələləri əksini tapıb. Hazırda AFFA-nın bazasında 100 mindən çox futbol iştirakçısı var. Növbəti beş ildə biz bu sayın daha 20 faiz artırılmasını qarşıya məqsəd qoymuşuq. Azərbaycan dövlətinin də bu sahəyə diqqət və qayğısını nəzərə alsaq, inanırıq ki, buna nail olacağıq. Bunun üçün geniş imkanlarımız var”.

E.Məmmədov bildirib ki, Tbilisidə keçirilən sammitdə 12 ölkənin dövlət və hökumət nümayəndələri, UEFA-nın mütəxəssisləri iştirak edirlər. Sammitdə AFFA-nın təqdim etdiyi strateji plana maraq böyük olub. İki gün davam edəcək sammitdə həm Azərbaycanın təcrübəsi, həm də UEFA-nın tövsiyələri öyrəniləcək. UEFA Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı ilə bağlı tövsiyələr hazırlayıb. Məqsəd iştirakçıların sayını daha da artırmaqdır. Bununla bağlı işçi qrupu da yaradılıb.

AZƏRTAC

Xəbər 545 dəfə oxundu.