Rövnəq Abdullayev: «Arzu edirəm ki, milli komanda da 17 yaşlı qızlarımız kimi gözəl qollar vursun» - MÜSAHİBƏ
Bu gün AFFA-nın inzibati binasında növbəti hesabat-seçki Konfransı keçirildi. İdman.com.az saytının məlumatına görə, assosiasiya prezidentliyi mübarizəsinə tək qoşulan Rövnəq Abdullayev, yekdilliklə yenidən bu quruma rəhbər seçildi. Toplantıdan sonra jurnalistlərin suallarını cavablandıran AFFA başçısı, futbolumuzun gələcəyi ilə bağlı maraqlı məqamlara toxundu.

- Mixail Saakaşvili 2020-ci il Avropa çempionatının Azərbaycan və Gürcüstanın birgə təşkil etmək istəməsi ilə bağlı fikirlərini açıqlayıb. Necə düşünürsünüz, həmin çempionatın ölkəmizdə keçirilməsi nə dərəcədə realdır?
- Düzü, Gürcüstan prezidenti ilə görüşdə bu məsələni mən qaldırdım. Təklif hər 2 ölkə başçısını cəlb etdi. Hazırda araşdırma aparılır. Tam məsələ aydınlaşandan sonra məlumat veriləcək.

- Martın 21-də İstanbulda baş tutacaq UEFA-nın konqresində bununla bağlı qərarın veriləcəyi gözlənilir.
- İstanbuldakı konqresdə bu məsələ müzakirə olunmayacaq. Orada tamam başqa məsələlərə baxılacaq. Əslində, bu təklifi mən vermişəm. Hər iki ölkənin prezidenti bunu maraqla qarşıladı. Bildiyiniz kimi, “SOCAR Georgia” Gürcüstan Futbol Federasiyası ilə də əməkdaşlıq edir. Gürcüstan futbolunda da maraqlı hadisələr baş verir. Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına da ev sahibliyi etmək istəyir. Həmin ərəfədə başqa yarışların keçirilməsinin mümkünlüyünü Gənclər və İdman Nazirliyi ilə müzakirə edəcəyik. Fikrimcə, AÇ-2020 hələ real deyil.

- Gələcəkdə İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması gözlənilirmi?
- Bunu gələcəkdə müzakirə edəcəyik. Hələlik bu say yetərlidir.

- Legioner limiti ilə bağlı nə kimi dəyişiklik gözlənilir?
- Bunu İcraiyyə Komitəsinin iclasında müzakirə edəcəyik.

- Gürcüstanda infrastruktur zəifdir. AÇ-2020-ni Türkiyə ilə birgə keçirmək olmazmı?
- Hələ Yay Olimpiya Oyunları variantı da var. Müzakirələrdən sonra ümumi məxrəcə gələcəyik.

- Futbola sərmayə yatıran iş adamlarının vergidən azad olması ilə bağlı qanun layihəsinin qəbul olması istiqamətində nə kimi yenilik var?
- Bu məsələdə irəliləyiş yoxdur. Müvafiq qurumlarda müzakirələr aparılıb və hər dəfə ortaya fərqli variantlar çıxıb. Ona görə də məsələ açıq qalıb.

- Yığmanın son oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Top yumru, meydan düzdür. Oyun zamanı hər şey ola bilər. Fələstinlə oyunda baş verənlərdən yəqin ki, xəbərdarsınız. FİFA bu oyunun nəticəsini ləğv edib. Yoxlama oyununda baş məşqçi əsasən futbolçuların hazırlığını yoxlayır, komandadakı problemləri yoluna qoymağa çalışır. Yeri gəlmişkən, bayaq göstərilən video çarxda 17 yaşlı qızlarımızın vurduğu qollara baxdım. Adam fəxr edir. Oğlanların onlardan nümunə götürmələrini məsləhət bilərdim. Eləcə də, milli komandamıza bunu arzu edirəm (baş məşqçi Berti Foqtsa baxaraq, gülümsəyir – red).

- Yeni mövsümdə Unibank Premyer Liqasında iştirakçı komandaların sayının artırılması gündəmdədir?
- Komandaların sayının artırılması ilə bağlı söhbət yoxdur. Hazırda Premyer Liqada 12 klub çıxış edir ki, onların bəzilərində - “Kəpəz”də, “Turan”da maliyyə problemi yaranmışdı. Hətta “Turan” sponsorunu dəyişdi. Mənə qalsa, ölkə çempionatında komandaların sayını 10-na endirərdim. Təəssüf ki, belədə də bəzi məqamlar düz gəlmir.
Fikrimcə, I divizion klbularını gücləndirməli, keyfiyyəti qaldırmalıyıq. 9 milyonluq Azərbaycan üçün indi yüksək dəstədə 12 komanda kifayətdir.

Xəbər 1110 dəfə oxundu.