Şəhriyar Məmmədyarov FIDE-nin Qran-pri turnirinin birinci mərhələsinin mükafatçısı oldu
Şarcada FIDE-nin Qran-pri turnirinin birinci mərhələsi başa çatıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov doqquzuncu turda dünya çempionu Hou İfana qalib gəlib. Çinli şahmatçı 32-ci gedişdə məğlub olduğunu etiraf edib.

Mümkün doqquz xaldan 5,5 xal toplamış Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqrav (Fransa) və Aleksandr Qrişşukla (Rusiya) birlikdə ilk pillədə qərarlaşıb. Əlavə göstəricilərinə görə rusiyalı qrossmeyster turnirin qalibi olub, ikinci yerdə fransız şahmatçı, üçüncü yerdə azərbaycanlı qrossmeyster olub.

Onların ardınca Din Lijen, Maykl Adams, Dmitri Yakovenko, Hikaru Nakamura, Yan Nepomnyaşşi (hər biri 5 xal), Rixard Rapport, Pavel Elyanov, Li Çao, Fransisko Valyexo (hər biri 4,5 xal), Levon Aronyan, Hou İfan (hər biri 4 xal), Saleh Salim, Yon-Lüdviq Hammer, Yevgeni Tomaşevski (hər biri 3,5 xal), Aleksandr Ryazantsev (3 xal) gəlir.

FIDE-nın Qran-pri turnirinin növbəti mərhələsi mayın 11-dən 22-dək Moskvada keçiriləcək.

Xəbər 582 dəfə oxundu.