Sərbəst və qadın güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Martın 3-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir start götürəcək.

Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri iştirak edəcəklər.

Qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında hazırlığı davam etdirən yığmamızın üzvləri turnirdə sınaqdan keçiriləcək.

Sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 9 güləşçimiz Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Umar İsrailov (125 kq) təmsil edəcəklər.

İki gün davam edəcək turnirin görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57, 65, 74, 97, qadın güləşi üzrə 48, 55, 60, 69 kiloqram çəkidə idmançılar, martın 4-də isə 61, 70, 86 və 125 kq-da sərbəst, 53, 58, 63 və 75 kiloqram çəkidə qadın güləşçilər yarışacaqlar.

Xəbər 658 dəfə oxundu.