Azərbaycan akrobatları Ukraynada uğurla çıxış ediblər
Ukraynanın Vinnitsa şəhərində akrobatika üzrə beynəlxalq turnirdə təmsilçilərimiz uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından məlumat verilən məlumata görə, turnirdə 13-19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz çoxnövçülükdə 82.160 xal qazanaraq qızıl medal əldə edib. Eyni yaş kateqoriyasında mübarizə aparan digər qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı (81.400 xal) isə bürünc medal qazanıb.

Beynəlxalq arenada debüt edən qadın qrupu (12-18 yaş) - Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da yarışları medalsız tərk etməyiblər. Onlar çoxnövçülükdə hakimlərdən 79.960 xal alaraq bürünc medal əldə ediblər.

Xəbər 1041 dəfə oxundu.