“Xətai” voleybol komandası Azərbaycan çempionatının birinci liqa yarışlarının qalibi olub
Fevralın 25-də qadın voleybol komandaları arasında Azərbaycan çempionatının birinci liqa yarışlarına yekun vurulub.

Azərbaycan Voleybol Federasiyasının idman salonunda təşkil olunan yarışda əvvəlcə “Qax” və “Azərreyl” komandaları bürünc medal uğrunda görüşdə üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” komandası 3:1 hesablı qələbə qazanaraq yarışı üçüncü pillədə başa vurub.

Qızıl medal uğrunda görüşdə isə “Gəncə” və “Xətai” komandaları qarşılaşıblar. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Xətai” yarışın qalibi olub.

Sonra mükafatlandırma mərasimi keçirilib, mükafatçılara xatirə hədiyyələri və diplom, qalib komandaya isə kubok təqdim olunub.

“Gəncə” klubunun baş məşqçisi Rüstəm Ağayev yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini və yetirmələrinin inamlı çıxış etdiyini diqqətə çatdırıb. Bildirib ki, yarışın qalibi olmağa çox yaxın idik. Ancaq qızların etdiyi azacıq səhvlər final oyununda məğlubiyyətimizlə yekunlaşdı. Ancaq bundan sonra üzərimizdə çalışıb yeni uğurlara imza atacağıq.

Ötən ilin dekabrında start götürən yarışda 10 komanda – “Qax”, “Gəncə”, “Azəri”, “Azərreyl”, “Şəki”, “Nəqliyyatçı”, “Volley”, “Xətai”, “Sumqayıt” və “Şirvan” mübarizə aparıb.

Xəbər 736 dəfə oxundu.