Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirildi
İranın Kirmanşah şəhərində təşkil olunan dünya kuboku yarışında üçüncü yeri tutan sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri ilə fevralın 24-də Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Görüşdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev güləşçilərimizi təbrik edərək gələcək yarışlarda onlara uğurlar arzulayıblar. F.Mansurov bildirib ki, Azərbaycan güləşçiləri hər zaman qatıldıqları yarışlarda uğurla çıxış edirlər. Gənclərdən ibarət komandamızın İranda üçüncü yeri tutması böyük uğurdur. Təsadüfi deyil ki, ötən il Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında qazanılan 18 medalın yarısı – doqquzu məhz güləşçilərimizin payına düşür.

Komandanın baş məşqçisi Firdovsi Umudov tədbirin təşkilinə və göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O, idmançılarımızın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da uğur qazanmaq üçün ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. İranda keçirilən yarışda heyətdə gənc güləşçilərə üstünlük verdiklərini söyləyən baş məşqçi onların göstərilən etimadı doğrultduqlarını vurğulayıb.

Xəbər 672 dəfə oxundu.