“Qəbələ” klubu “Ateitis Cup” turnirində yarışacaq
“Qəbələ” futbol klubunun yeniyetmələrdən ibarət komandası Vilnüsdə keçiriləcək “Ateitis Cup” turnirində iştirak edəcək.

Turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. “Qəbələ” “B” qrupunda qərarlaşıb və “Minsk” (Belarus), “Legion” (Estoniya), “Jalgiris” (Litva) və “Riqa” (Latviya) komandaları ilə qarşılaşacaq. Digər qrupda yerli “Baltay”, BATE, “Dinamo” (hər ikisi Belarus), “RFSH Riqa” (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər.

Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. “Qəbələ”nin keçirəcəyi sonuncu oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.

Xəbər 566 dəfə oxundu.